İranla birgə təlimlərimizdə məqsəd nə idi? | ŞƏRH

 İranla birgə təlimlərimizdə məqsəd nə idi?  | ŞƏRH
  01 Dekabr 2024    Oxunub:377
"Azərbaycanın İranla qısa müddət ərzində həm dənizdə, həm də quruda birgə hərbi təlimlərinin iki hədəfi var. Birinci məqsədimiz sərhəddə narkotik qaçaqmalçılığının qarşısının alınmasıdır. Bundan ən çox əziyyət çəkən Azərbaycandır. Ölkəmizdən İran ərazisinə narkotik keçirilməsi faktı yoxdur. İran ərazisindən gizli yollarla Azərbaycana tonlarla narkotik vasitələr keçirilməyə çalışılır. Narkotik daşıyanlarla Azərbaycan sərhədçiləri arasında atışmalar nəticəsində hərbçilərimiz həlak olub, yaralananlar var. Buna görə də birgə hərbi təlimlər sərhəddə təhlükəsizliyin artırılmasına xidmət etməlidir".
Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan Ordusunun Quru Qoşunları ilə SEPAH-ın “Araz-2024” birgə taktiki təlimini şərh edərkən deyib. Onun sözlərinə görə, ikinci məsələ Azərbaycanın İranla birgə hərbi təlimlərinin siyasi əhəmiyyətinin olmasıdır:
- İrandakı siyasi, dini və hərbi dairələr Azərbaycanı İsraillə hərbi əməkdaşlığı genişləndirməkdə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib. Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə keçirdiyi hərbi təlimlərdən də narahat olanlar var. Azərbaycan İranla birgə hərbi təlimlər keçirməklə qonşu ölkəyə təhdid olmayacağını Tehrana anlatmağa çalışır.

Politoloqun fikrincə, Tehran da anlamalıdırlar ki, Azərbaycan Türkiyə, İsrail və NATO ilə hərbi əməkdaşlıqdan imtina etməyəcək. Azərbaycan Ordusu İran silahlı qüvvələri ilə birgə təlimlər keçirərkən NATO-nun nümayəndə heyəti Bakıda idi. Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb.

"Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq ordumuzun daha da modernləşdirilməsi baxımdan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır”,- politoloq qeyd edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Azərbaycan   İran   təlim  





Xəbər lenti